Xudafərin dərgisi olaraq 10 ildir yayımlanmaqdayıq. Bu dərgi öncəliklə Azərbaycan Türk kültürünə, onun tanıdılması və araşdırılması, həm də bu mədəniyyətin olanaqlarının alqılanmasına və onun yayğınlaşma və dərinləşməsinə qulluq edir. Ayrıca bu dərgi anadili və anadili Türkcə yazar və oxurların güvənc və inam qaynağıdır. 30 milyondan çox Türklərin İranda barmaqla sayılası qədər mətbuat orqanı olduqda onların bir çoxu Farsca həftəliklərin ara səhifələrində və bir də Varlıq dərgisi vardır ki, o da üç ayda bir nəşr olunur. Bunu nəzərə alaraq biz 10 ildir ki, hər ay qucaq dolu salamlar və dağarcıq dolu folklor, elm, bilim, ədəbiyyat, sosial problemlər, ədəbi yaradıcılıqlar, dil bilimi, dil öyrətimi ilə dəyərli oxucuların qapısını döyürük.

 

Xudafərin adı haqqında:

Xudafərin Azərbaycanın ən gözəl bölgələrindən birinin adıdır. Bu bölgə Qaradağın ən gözəl mədəniyyət mərkəzlərindəndir. Əlahi Türkdür. Burada xalq ozanları sayğındır. Tarixi abidələrlə doludur. İki Azərbaycanı birləşdirən körpü burada yerləşir, Araz çayı üzərində qurulan bu körpülər qədim İpək Yolunun ən önəmli əsərlərindəndir. Xudafərin bir çox tarixi qalalara ev sahibliyi edir və onun ən böyük dayağı Babək Qalasıdır.

Xudafərin tarixi zənginliklə yanaşı təbii və doğal gözəlliyə də malikdir. Hündür dağları, sıx meşələri, sərin dərələri, bol sulu çeşmələri, həmişə axar çayları göz oxşayandır. Buna görə də o uluslararası qoruq sayılır. Torpağı verimli, insanları qonaqcıl və mehribandır. Burada elm və ədəbiyyat hər zaman dəyərli hesab edilmişdir. Ədəbiyyatımızın böyüklərindən biri Əbülqasım Nəbati buralıdır. Minlər il möhtəşəm tarixə sahib olan Xudafərin onlarla da tarixi şəxsiyyətə ev olmuşdur.

Xudafərin qarşısında qan ağlayan Qarabağı hər gün hüzn və dərdlə anaraq əməldə Xaç yürüşlərinin ermənilər tərəfindən Arazın o tayında yanıq torpaq siyasəti yürütməsinin şahididir. Qarşıda yanan Müsəlman evləri, qaçqın düşən minlərlə Müsəlman Türk bizə Xaçpərəstlərin verdiyi gözdağıdır. Xudafərin acı ayrılığın qədim tanığıdır. Yer üzərindən bölünsə də vətən çayı üzərindən atalarımızın yapdığı körpülər üzərindən birləşir və qucaqlaşır. Biz də fiziki körpünü mənəvi körpüyə çevirərək qələmlərimizlə təfəkkürümüzlə əqli körpü yaratmağa cəhd etdik.

 

Xudafərin dərgisinin yaranması:

17 il öncə, yəni 1996-cı ildə bir ideya olaraq mənim tərəfimdən ortaya atıldı. Öyrənci olduğum o illərdə bu işi həyata keçirmək üçün İslami İrşad İdarəsinə baş vurdum. Orada formaları dolduraraq izin almağı bəklədim. Bugün-sabah düz yeddi il çəkdi və mən arzuma qovuşdum. Ölkəmizdə Türk dilli nəşrlərin olmaması bu işin nə qədər çətin olduğunu göz önünə gətirirdi. Bununla yanaşı Türk sevgisi varkən, Türkcə sevdalıları olduqda keçmiş rejimin yaratdığı anti-Türk atmosferi hala düşüncələrdə qalmaqdaydı. Baxmayaraq bu dili danışanların sayı on milyonlarladır. Ancaq anadili məktəb və oxulların olmaması bu dilin altyapılı oluşumuna ciddi zərbələr vurmuşdu. Bütün bunları göz önünə alaraq yurdumuza, anamıza, ana vətənimizə, onun şirin dilinə, zəngin mədəniyyətinə vurğunluğumuzu sərgiləməyə başladıq.

7 il bəkləyişdən sonra indi sözdən əmələ keçdik. 2004-cü ilin payızının ilk ayından etibarən Xudafərin dərgisi nəşr olunmağa başladı. İlk anadilli aylıq dərgi olaraq Tehranda basıldıq və bütün Azərbaycana, o cümlədən Tehrana yayıldıq. Birinci sayımız on min tirajla başladı. Oxuculardan və xalqımızdan çox ölümlü təpkilər aldıq. Baxmayaraq rəqabət dünyasında bizi sevməyənlər də az deyildi. Kimisi bizə xor baxdı, kimisi bizi sevərək ürəklərinə basdı. Bəziləri də dərgini qorxa-qorxa oxumağa başladı.

 

Dərginini dili və amacı:

Dərgimiz iki dilli (Türkcə-Farsca) olduğundan biz bu iki dildə yazmağa başladıq. Mətbuat təcrübəmizin əlbəttə anadildə olmadığından çox zəhmətlərə qatlaşdıq. Ancaq hər ay, hər il geri qaldıqda həm oxucularımız çoxaldı, həm də geniş coğrafi alanda tanınmağa başladıq. Bununla yanaşı ölkədə olan Türkə fobini də yavaş-yavaş aradan qaldırmağa başladıq. İlk illərdə bəzi fərd və yazarlar tərəfindən dışlansaq da, dövlət tərəfindən ögey alqılansaq da, yorulmadan, bıxmadan dik duraraq gerçək yolda olduğumuza inanaraq bütün maddi və mənəvi çətinliklərə sinə gərərək yola davam etdik. Dilimiz Türkcə, anlayışımız Türkcə, sevdamız Türkcə olduğundan bu şamın başına minlərlə pərvanə toplaşdı. Dərgi məsləki bir əməldən sevda və eşq məcrasına yönəldi. Gənc yazarların, anadilli sevdalıların yuvasına çevrildik. Onların qələmlərinin sınaq meydanına çevrildik. Türkcəni danışıb yazanmayanlara örnək olduq, ölkədə Xudafərin məktəbi olaraq dilimizin özəlliyini, gözəlliyini sağlamağa başladıq. Dəyərli üstad və xocalarımızdan öyüd və nəsihətlər aldıq. Keçmişdən gələcəyə bir çıraq tutduq. Qorqud Dədənin dili ilə yazdıq, Füzulini, Nəsimini, Şəhriyarı, Yunus Əmrəni, Əlişir Nəvaini, Nəbatini, Ədib Əhməd Yüknəkini, Yusuf Balasaqunlunu, Mahmud Kaşqarlını və onlarla bilim, kültür və ədəbiyyat insanımızı araşdırdıq, öyrəndik və öyrətdik. Dilimiz Türkcəmizdir, Türkcəmiz varlığımız şüarına don geyindirdik. Sizi də yurdumuzu, dilimizi və elimizi sevməyə dəvət edirik.

 

Xudafərin dərgisinin yolu:

Mədəniyyət və uyğarlığımızı tanıtmaq; dünya ədəbiyyatından öz ədəbiyyatımıza tərcümə yolu ilə qazandırmaq; folklor və şifahi xalq ədəbiyyatı və zənginliklərimizi araşdırmaq; düzgün və doğru dildə yazıb oxumaq; ədəbi forma oluşdurmaq və bu ədəbiyyatı ölkədə paylaşaraq yayğınlaşdırmaq; ölkədə kültürlərarası qaynaşmada biz də öz varlığımızı ortaya qoyaraq əzilməkdən, unudulmaqdan qorunmaq və onu inkişaf etdirmək; elmi, ədəbi-ictimai yönümlü məqalələri Azərbaycan sorunları çərçivəsində nəşr etdirmək və onların həllinə təşəbbüs etmək; məktəbi olmayan oxucularımıza anadili oxul vəzifəsini yerinə yetirmək; yazıçı və şairlərimizin əsərlərinin çap olunmasına qatqıda bulunmaq; ölkədə qardaşlıq dəyərlərini tərvic etmək; birliyimizi, bütünlüyümüzü sağlamaq və bərabər hüquqlu vətəndaşlıq haqqına sözdə yox, əməldə yiyələnmək; yurdumuza, ölkəmizə, dilimizə və dinimizə xidmət etmək.

 

Bizimlə əlaqə, irtibat və ulaşım yolları:

Adres: Tehran, İnqilab-i İslami xiyabanı, Vüsal Şirazi xiyabanı, No:7, 3-cü mərtəbə, mənzil 5.

Tel: +98-919-228 19 16

E-mail:  : این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید

           

Diqqət: Qaynağı göstərmə şərti ilə Xudafərin dərgisindən qaynaq kimi istifadə etmək olar.

Dil, ədəbiyyat, tarix, ədəbiyyat tarixi, ictimai məsələlər, Türkoloji, folklor, şeir göndərməyinizi rica edirik. Ərəb əlifbası ilə Türkcə yazılan məqalələr tərcih edilir.

Sizinlə

Dr. Hüseyn Şərqi Dərəcək “Soytürk”

Baş yazar və təsisçi